Rejissor: Arif Babayev
Rollarda: Leyla Şıxlinskaya, Həsən Məmmədov Məzmun Kino mütəxəssisləri bu lirik kinopovesti "iki aktyorla rejissor işi" adlandırıblar. Burada bizim müasirlərimiz olan iki gəncin uğursuz məhəbbətindən danışılır. Süjet iki qəhrəmanın taleyi, iki xarakterin münasibətləri üzərində qurulmuşdur. Film qəhrəmanların və eləcə də Bakının əhval-ruhiyyəsini özündə əks etdirir. İlk baxışdan adama elə gəlir ki, Əsmər (Leyla Şıxlinskaya) xoşbəxtdir; onun diplomat əri, qızı, dostları var. Maraqlı səyahətlərdən aldığı gözəl təəssüratlara malikdir. Əvvəllər bəlkə də bütün bunlar onu əyləndirmiş, sonralar isə tədricən gözündən düşmüşdür. Çünki Əsmər hələ də bəzi gənclərimiz kimi həyatda öz yerini tapa bilmir...
Uşaqlıq illərində bir-birinə olan səmimi hisslərini xatırlayan qadın və kişi həmin münasibətləri yenidən qaytarmaq iqtidarında deyillər. Keçmişlə gələcəyin, köhnə ilə yeninin müqayisəsi. Keçmiş və gələcək "məkan" arayışında təqdim edilən, keçmişdən gələn bir məhəbbət hekayəti. Xüsusi çərçivələrlə verilən geniş "geridönüş" səhnələrindən ibarət olan bu müəllif filmi insanda bir nostalgiya duyğusu da oyadır
Film fəlsəfi sonluqla bitir: yalnız keçmişlə, uşaqlıq xatirələri ilə yaşamaq olmaz, hər adamın gələcəyi olmalıdır. Artıq Oqtaydan (Həsən Məmmədov) ayrılan Əsmərin qəlbində həyatını yenidən qurmaq, güzəştlərə getmək arzusu daha da möhkəm baş qaldırır. Ömrün günlərindən yalnız birini, bir qədər qeyri-adi, lakin digər günlərdən az fərqlənən günü göstərən filmin sonunda hər iki personaj – Oqtay və Əsmər ciddi düşünüb nəticə çıxarırlar.
Filmdə belə bir fəlsəfi məqam vurğulanır ki, ötən günü geri qaytarmaq mümkün deyil. Bu, Əsmərin bütün hərəkətlərində, film boyu davam edən xatirələrində ortaya qoyulur. Tamaşaçı filmə baxarkən nəsə gözlədiyi kimi, Əsmər özü də gözləyir. Ancaq filmin sonunda o, hiss edir ki, Oqtayla bir-birilərinə lazım deyillər. Təbii ki, keçmiş də keçmiş olaraq qalır.
|